Talış şairləri

Tofiq İlham

Şair Tofiq İlham (Şahbazov Tofiq Eynəli oğlu) 1941-ci il avqustun 9-da Masallı Rayonun Qızılavar kəndində anadan olmuşdur. Atası dövlət məmuru, anası kolxozda fəhlə işləmişdir. 9 yaşında olanda 1-ci sinfə getmişdir. 4-cü sinfdə oxuyanda 2 gözündən kor olub. Təhsilini xüsusi internat məktəbində davam etdirmişdir. 1963-1968-ci illərdə Azərbaycan Dövlət Universitetini, indiki BDU filologiya fakultəsini bitirmişdir. 1968-ci ildən başlayaraq ömrünün axırına qədər (32 il) Qızılavar kənd orta məktəbində müəllim işləmişdir.

14 yaşından bədii fəaliyyətə başlamışdır. Şerlərini iki dildə - həm azərbaycan, həm də talış dilində yazmışdır. Əsərləri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. İlk şeiri “Azərbaycan pioneri” jurnalında çap olunub. Onun şeirləri əsasən “Lənkəran” qəzetində, daha sonra mütəmadi olaraq “Tolışi sədo” qəzetində çap olunub.

Tofiq İlhamın şeirlərinə bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Baloğlan Əşrəfov və Səməd Tolışi demək olar ki, onun şeirləri ilə səhnəyə çıxıblar. İsrail Məmmədov və İsmail Səfərov onun şeirlərinə mahnı bəstələyib və məharətlə ifa ediblər. Hətta Tofiq İlham özü də “Nazilə” adında şeir yazıb və ona mahnı bəstələyib. Həmin mahnını Səməd Tolışi indi də ifa edir.

İndiyə qədər 9 kitabı çap edilib: “Kafte” (1993), “Qızıl gül” (1995), “İki xoruz” (1997), “Kərbəladan gələn səslər” (1998), “Kitabların anası” (1998), “Xəzinələrin açarı” (2000) və “Az tolışim” (2001). İlk və son kitabı talış dilində qalan beş kitabı azərbaycan dilindədir. Şair vəfat etdikdən sonra yeddi kitabından biri “Az tolışim” kitabı çap edilib. Bu kitab məşhur talış alimi doktor Əli Əbdoli tərəfindən İran İslam Respublikasının Rizvan şəhərində latın qrafikası ilə çap olunub. 2005-ci ildə həvəskar talışşünas Rabil Abdinov və Müşfiq Abbasov onun talış dilində olan şerlərini “Tolışə Əsəron” adı ilə 3 cilddə çapa hazırlayıb. O kitablardan 2 cild çap olunub, 3-cü cild maddi problemlər üzündən hələ də çap edilməyib.


Xanəli Tolış

Xanəli Tolış (Xanəli Şirəli oğlu Ağayev) — Azərbaycanın böyük şairlərindəndir. İxtisasca tarixçi-etnoqraf olsa da, Azərbaycan və Talış dillərində yazdığı şeir və poemaları ilə daha çox məşhurdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır.

Xanəli Tolış 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub. 1961-ci ildə 6 aya qədər "Yeni həyat" qəzeti redaksiyasında işləmişdir.

1961-2003 - cu illərdə Qızılavar və Dəlləkoba 8-illik məktəblərində əvvəl müəllim, sonra 25 il Dəlləkoba məktəbinin direktoru işləmişdir. İndi Qızılavar orta məktəbində öz ixtisası üzrə müəllim işləyir.

Xanəli Tolış bədii yaradıcılığa məktəb illərində başlamışdır. İlk şeiri 1958-ci ildə Masallı rayonunda çıxan "Yeni Həyat" qəzetində çap olunmuşdur. Bundan sonra Xanəli Tolışın şeirləri əsasən "Masallı", "Fidan", "Leninçi", "Sovet Astarası", "Lerik", "Sözün işıği", "Sovet kəndi", "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ordusu", "Üçüncü hədəf", "Tolışi sədo" və başqa qəzet və jurnallarda çap edilib.

Xanəli Tolış şeirləri əsasən üç dildə yazmış və bu gün də yazmağa davam etməkdədir: Azərbaycan dili, Rus dili və Talış dillərində.

Xanəli Tolışın indiyə kimi 9 kitabı çap olunmuşdur. “Qaranquş yuvası” (Azərbaycan dilində şeirlər - 1999), “Vənəşə” (Talış dilində şeirlər - 2000), “Şinə çay” (Talış dilində şeirlər, mahnılar - 2001), “Kərbəla karivanı” (Azərbaycan dilində mərsiyələr, minacatlar və dini şeirlər - 2002), “Bağışla” (Azərbaycan dilində şeirlər və poemalar - 2004), “Ox, Vətən, Vətən” (Talış dilində şeirlər - 2012), “Dünya, mənə halal eylə” (Azərbaycan dilində şeirlər 2013), “Qəm karvanı” (Azərbaycan dilində mərsiyələr, dini şeirlər - 2014), “Bir ovuc su” (Azərbaycan dilində şeirlər - 2015).

Xanəli Tolış bu gün də yaradcılığına davam edir.


 

Allahverdi Bayrami

Allahverdi Bayrami Ağarıza oğlu 1946-cı il avqustun 8-də Masallı rayonun Mədo kəndində andan olmuşdur.

Mədo kənd orta məktəbində 1954-1965-ci illərdə təhsil almışdır. 1965-1970-ci illərdə BDU filologiya fakultəsində təhsil almışdır. Astara və Masallı rayonlarında 41 il müəllim işləmişdir. İndi təqaüdçüdür. Onun şeir və məqalələri 1960-cı ildən dövri mətbuatda dərc olunmuşdur.

Talış dilini, talış ədəbiyyatını tədqiq edir. Muasirləri onu şair, dilçi, ədəbiyyatşünas, tənqidçi kimi tanıyır. 9 kitabın müəllifidir.


Camal Lələzoə

Camal Şirəli oğlu Ağayev (Camal Lələzoə) 1952-ci il noyabrın 10-da Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1969-1974-cü illərdə BDU filologiya fakultəsində oxumuşdur.

40 ildir ki, pedoqoji fəaliyyətlə məşquldur. Qızılavar Dəlləkoba kəndində müəllim işləyir.

Müasir Azərbaycan (həm də talış) ədəbiyyatının adlı-sanlı şairi, talantlı nasir Camal Lələzoə iki dildə (Talış və Azərbaycan dillərində) şeirlər, hekayələr yazır. 9 kitabın müəllifidir.


Yuxarıda dərc olunan materiallar Vikipediya Vikimediyadan götürülüb

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.